|
Azerice: "Namazı anlayaraq qılmaq!" |
|
|
"Namazı anlayaq qılmaq" kitabı, etiraf edim ki, ömrüm boyu fikrən və felən məşğul olduğum, amma sona çatdıra bilmədiyim bir mövzuya həsr edilmişdir.
Daim namazı anlayaraq qılmağa çalışsam da, heç bir namazım haqda "bu namazı anlayaraq qıldım" deyə bilmirəm. Halbuki namaz həyatımın birinci hədəfi, başlıca vəzifəsidir və məhşər günü ən əvvəl namaza görə sorğu-suala çəkiləcəyəm. Namazda itirən heç nədə müvəffəq ola bilməz, amma onda qazanan o biri aləmdə də, inşallah, müvəffəq ola bilər.
Öz nəfsimdə namazı anlayaraq qılmaq üçün ilk tədbir olaraq buna ehtiyac olduğunu hiss edirəm:Namaz üçün qibləyə yönələrkən zehnimdəki bütün düşüncələri bir kənara ataraq təmiz qəlb və beyinlə namaza girmək. Məncə, namaza başlamadan qəlb və beyini kənar şeylərdən arındırmaq çox mühümdür. Ancaq faydasız və mənasız mövzulardan təmizlənən qəlb və beyin namazda oxuduğumuz ayə və dualarla dərhal doldurulmalıdır. Yoxsa kənara atılan faydasız düşüncələr boş qalan qəlbə sel kimi hücum çəkər.Bunun üçün ilk təkbirin mənasını düşünərək ağıl və qəlbinizi doldurmağa başlayırsınız:
– Allahu Əkbər! Allah yeganə böyükdür.
Bundan sonra ardıcıllıqla "Subhanəkə", "Əuzu Bəsmələ", "Fatihə", zəmmi-surə, dualar.. və beləcə bütün namazı mənaları düşünərək qılma bəxtiyarlığına qovuşa bilərsiniz.
Yaxşı, bəs bu mənaları düşünmə bəxtiyarlığını necə əldə edə bilərik? Ərəbcə bilmiriksə, oxuduğumuzun mənasını necə öyrənəcək, namazı necə anlayaraq qılacağıq?
Elə əsl məsələ də bu sualın cavabındadır. Əsərlərindən istifadə etdiyimiz prof. Davud Aydüzün "İşıq" nəşriyyatında çapdan çıxan "Namazı anlayaraq qılmaq" kitabı burada imdada yetişir və namaz boyu oxunan ayələrin, surələrin, salavat və duaların mənalarını qısaca izah edərək namazı anlayaraq qılmaqda bələdçilik edir.Ona görə də birinci işimiz namazda oxunan ayə və duaların mənasını yaxşı-yaxşı əzbərləməli, sonra da bu mənaları düşünərək namaz qılmağa başlamalıyıq. Qoy namazdan kənar şeylər yenidən qəlbimizə, könlümüzə hücum çəkib onu istila etməyə imkan tapmasın.Bu baxımdan Davud Aydüzün həcmcə kiçik, məzmunca dərin kitabını böyük xidmət kimi dəyərləndirir, namazı anlayaraq qılma fürsətinin əldən verilməməsinin zəruriliyini düşünürəm.
Elə möhtərəm müəllif də bu mövzuda mühüm məqamlara toxunur:Namazı layiqincə qılmaq istəyiriksə, təkbirlə birlikdə Allahdan qeyri hər şeydən uzaqlaşmalı və qəlbimizi yalnız Ona açmalıyıq. Ağzımızdan çıxan hər sözə şüurumuzun möhürünü vurmalı, namazı başdan-ayağa anlayaraq qılmağı bacarmalıyıq. Salam verər-verməz də ilahi hüzurun ədəbinə riayət edə bilməmə narahatlığı ilə yenidən əllərimizi qaldırmalı, yenə o mübarək kəlmələri otuz üç dəfə, mənasını düşünərək təkrarlamalıyıq. Namaz məhz belə əngin duyğu və düşüncələrlə qılınmalıdır, ona görə də onu başdansovdu qılmağa könlümüz razı olmamalıdır. Onun üçün də biz belə bir araşdırma ilə namazda oxunan dua və surələrin mənalarını və qısa şərhini verməyə çalışdıq ki, namazı hiss edə-edə və anlaya-anlaya qılaq. Namazı belə qılmaq üçün türkcə (və ya azərbaycanca) ibadət etməyə ehtiyac yoxdur və doğru da deyildir. Bu yazılanları diqqətlə oxumaq və yadda saxlamaq namazı anlayaraq qılmaq üçün önəmlidir!
"Yazını şüuruna varmaqla qılınan iki rükət namazın axirətdəki dəyərindən bəhs edən bir hədislə yekunlaşdırım:– Şəfəq vaxtı (anlayaraq qılınan) iki rükət namaz dünya və dünyanın içindəkilərdən xeyirlidir.
Çünki dünya və dünyanın içindəkilər həmişə burada qalır, anlayaraq, layiqincə qılınan iki rükət namaz isə sizinlə gedir! |